Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı
Azərbaycan İdman Akademiyası (AİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar.
1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur.
1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.